CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin hazırlıq kursuna “Skype” vasitəsilə qəbul davam edir
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) növbəti tədris ili üçün xarici tələbələrin hazırlıq kursuna qəbul prosesi mayın 7-də başlayıb. Həmin tarixdən etibarən “Skype” vasitəsilə müsahibələr aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə ATU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Qorxmaz Əhmədov məlumat verib.
Q.Əhmədovun sözlərinə görə, bu müddət ərzində 230 əcnəbi təhsil üçün müraciət edib: “Müraciət edənlərdən 149 nəfərin sənədi qəbul olunub. 66 əcnəbinin namizədliyi universitetin hazırlıq kursunun tələbəsi kimi təsdiq olunub. Bu il də bizə fərqli ölkələrdən müraciətlər var. Hazırda olan statistikaya görə, müraciətlər daha çox 3 ölkədən - İran, Türkiyə və Suriyadan edilir”.
“Skype”la müsahibə 8-10 dəqiqə davam edir. Müsahibə komissiyası ATU-nun idarə heyətinin üzvləri və fənn müəllimlərindən təşkil olunub. Komissiyanın tərkibinə Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, rektorun müşaviri, dosent Zülfüqar Musabəyov, ümumi işlər üzrə prorektor Natiq Xəlilov, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov və fənn üzrə müəllimlər daxildir.
Qəbul prosesinin daha bir ay davam edəcəyi planlaşdırılır.
Qeyd edək ki, Tibb Universitetinin Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu “Skype intervyu” sistemi ilə aparılır.
Hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətlərinə məhz bu səhifə üzərindən baxılır. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələ namizədlərlə “Skype” bağlantısı vasitəsilə müsahibə aparılır.