SİYASƏT
Azərbaycan torpaqlarını işğaldan azad etməklə bu torpaqların hüquqi sahibi olduğunu sübut edib
Tbilisi, 30 aprel, AZƏRTAC
Azərbaycanı görmək, gəzmək çoxdankı arzum idi. Azərbaycan dövlətinə bizə bu imkanı yaratdığına görə təşəkkür edirəm. Biz Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycana səfər etdik, gözəl Gəncəni, Azərbaycanın incisi olan Şuşanı gördük. Azərbaycan çox gözəl ölkədir, azərbaycanlılar çox qonaqpərvər insanlardır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə erməni işğalından azad edilmiş ərazilərimizə səfər etmiş gürcü hüquqşünas Nino Lordkipanidze söyləyib.
Onun sözlərinə görə, Azərbaycan, sözün əsl mənasında, lider ölkədir. Azərbaycan xalqı qalib xalqdır və qonaqpərvərliyi ilə də nümunədir.
N.Lordkipanidze deyib ki, işğaldan azad edilmiş ərazilərdə gördükləri onları son dərəcə sarsıdıb: “Biz ermənilərin işğal etdikləri ərazilərdə də olduq. Dağıdılmış evləri, mədəniyyət və sosial obyektləri, tarixi abidələri görəndə insanın ürəyi ağrıyır. Bunu edənlərə nə ad verəsən? Nə desən də azdır”.
Hüquqşünas bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə təkcə gücünü göstərmədi. Eyni zamanda, hüquqi varisliyini, bu torpaqların hüquqi sahibi olduğunu sübut edib. Dünya ictimaiyyəti, işğalçılar bunu başa düşməli və qəbul etməlidirlər.
“Azərbaycan dövləti qısa zamanda işğaldan azad edilmiş ərazilərdə çox böyük işlər görüb. Dağıdılıb, viran qoyulmuş ərazilərin belə tez bir zamanda cənnətə çevrilməsi böyük qələbənin, birliyin, əzmkarlığın əyani sübutudur. Hamı bunu başa düşməlidir. Bütün qonşular anlamalıdır ki, Azərbaycan sülhün, inkişafın və tərəqqinin tərəfdarıdır. Bizə də sülh lazımdır. Bizi sülh xilas edəcək”, - deyə N.Lordkipanidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi