MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunda Novruz bayramı qeyd edilmişdir
Bakı, 18 mart (AZƏRTAC). Martın 18-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Novruz şənliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ATİ-nin rektoru, professor Cəfər Cəfərov şənliyə toplaşanları bayram münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, təbiətin oyanışını, baharın gəlməsini hər kəs səbirsizliklə gözləyir. Azərbaycanda Novruzun xüsusi təmtəraqla, şənliklə qeyd olunması hamımıza məlumdur. Bugünkü şənliyimiz Novruza, bahar bayramına olan sevgimizin, milli-mədəni kimliyimizin möhürünə sədaqətimizdir.
C.Cəfərov diqqətə çatdırmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
2010-cu ildə isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Tədbirə dəvət olunmuş Azərbaycanın Əməkdar İncəsənət Xadimi, professor Arif Əsədullayev və Xalq Artisti, professor Şəfiqə Eyvazova ölkəmizdə muğam sənətinə, milli musiqi və ifaçılarımıza verilən diqqət və qayğıdan söz açmış, öz ifaları ilə tədbiri şənləndirmişlər.
Şənlik ATİ-nin tələbələrinin hazırladıqları konsert proqramı ilə başa çatmışdır.