ELM VƏ TƏHSİL
Azərbaycan Turizm İnstitutunda təkrar buraxılış yekun dövlət attestasiya imtahanı keçirilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə”yə və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Turizm İnstitutu (ATİ) dövlət attestasiya komissiyasının müvafiq qərarına əsasən, bu ali təhsil ocağında təkrarən buraxılış yekun dövlət attestasiyası keçirilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, attestasiyada buraxılış yekun dövlət imtahanından akademik borcu qalan 53 tələbə iştirak etmişdir.
Ümumiyyətlə, 2010-2013-cü illərdə yeddi dəfə yekun dövlət attestasiyası təşkil edilmişdir. Bu müddətdə ATİ-ni 762 tələbə bitirmişdir. Əvvəlki illərdə yekun imtahanında iştirak etmiş tələbələrdən 36 nəfəri məzun adını qazana bilməmiş, 8 nəfəri isə diplom almaq hüququndan məhrum olmuşdur.