ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universiteti Lüsern Dünya Turizm Forumunda təmsil olunub
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllimi Elmira Hacıyeva İsveçrə Konfederasiyasında Lüsern Dünya Turizm Forumu çərçivəsində təşkil olunmuş ”Beyin mərkəzi” (“Think Tank”) tədbirində iştirak edib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumu müvafiq istiqamətlərdə liderlərin görüşdüyü platforma rolunu oynayır. Forumun əsas mühazirəçiləri Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İsveçrə Federal Departamentinin iqtisadi əlaqələr, təhsil və tədqiqat sahələri üzrə rəhbəri federal müşavir Yohann N.Şnayder-Ammann, “Deutsche Hospitality” təşkilatının baş icraçı direktoru Puneet Çhatval və digər məşhur qurumların nümayəndələri olublar.
Forum çərçivəsində keçirilmiş “Gənc istedadlar” tədbirində ATMU-nun Azərbaycan-Avstriya Turizm Proqramının ikili diplom layihəsi üzrə təhsil alan tələbəsi Tamilla Nağıyeva təmsil edib. O, turizmdə davamlı inkişaf naminə elektron biletlərin tətbiqinin vacibliyi ilə bağlı mühazirə oxuyub. Dördgünlük tədbir çərçivəsində 70-dən çox ölkəni təmsil edən 600-dək iştirakçı, o cümlədən ATMU-nun nümayəndələri ekskursiyalara qatılaraq İsveçrənin mədəniyyəti və tarixi ilə tanış olublar.