ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində tədris ilinin yekunları müzakirə edilib
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın illik yekun iclası keçirilib. İclasda 2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov ölkənin turizm sənayesi, 2023-cü ilədək ixtisaslı kadr hazırlığı və əmək bazarı göstəricilərinin müqayisəli təhlili əsasında proqnoz artım əmsalı barədə danışıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının zamanın tələblərinə uyğun ciddi fəaliyyət göstərməsinin vacibliyini xüsusi vurğulayıb.
İclasda ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov, keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva və digər müvafiq struktur rəhbərlərinin 2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilinə hazırlıq vəziyyəti ilə bağlı məruzələri dinlənilib, şura üzvləri tərəfindən irəli sürülən rəy və təkliflərin nəzərə alınmasının zəruriliyi qeyd olunub.
Elmi şuranın növbəti iclasında ATMU-nun doktorant və dissertantlarının fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat mövzularının və elmi rəhbərlərinin təsdiqlənməsi əlaqələndirmə şurasına tövsiyə edilib.