SİYASƏT
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında qadınların rolu müzakirə edilmişdir
Yevlax, 19 iyun (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı qadınlar şurasının və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Yevlaxda “Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında qadınların rolu” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül-çiçək düzmüşlər.
Tədbir iştirakçıları sonra Azərbaycan-Türkiyə dostluğu şərəfinə salınmış “Dostluq” parkında və tarix-diyarşünaslıq muzeyində olmuşlar.
Sahil istirahət mərkəzində keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Yusifqızı, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifli, Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıç, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və başqaları çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən, iki qardaş ölkə arasında əlaqələrin inkişafında qadınların rolundan danışmışlar.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıça Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı fəaliyyətinə görə YAP Yevlax rayon təşkilatının diplomu təqdim edilmişdir.
Tədbir Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən mahnı, şeir və rəqslərlə davam etmişdir.