ELM VƏ TƏHSİL
AZƏRBAYCAN-TÜRKİYƏ ÖZƏL LİSEYLƏRİNDƏ TƏHSİL ALAN ŞAGİRDLƏRİN BEYNƏLXALQ OLİMPİADALARDA QAZANDIQLARI MEDALLARIN SAYI 234-Ə ÇATMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, qurum “Çağ” Öyrətim İşlətmələri Şirkətinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseyləri şagirdlərinin beynəlxalq fənn olimpiadalarında iştirakına maliyyə dəstəyi göstərir.
Liseylərin şagirdləri bir sıra beynəlxalq miqyaslı yarışlardan layiqli mükafatlarla qayıtmışlar. Azərbaycanda fəaliyyətinin 15 illiyini qeyd edən Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri bu günlərdə beynəlxalq olimpiadada yeni uğurlar qazanmışlar. “Dədə Qorqud” və Lənkəran özəl türk liseyləri, eləcə də “Qafqaz” Gimnaziyasının şagirdləri bir neçə gün əvvəl Tailandın Banqkok şəhərində 21 ölkədən 126 şagirdin təmsil olunduğu beynəlxalq IOOI – astronomiya və astrofizika olimpiadasından, habelə Tayvanın Taybey şəhərində 46 ölkədən 266 şagirdin qatıldığı beynəlxalq ICSO – təbiət olimpiadasından qələbələrlə dönmüşlər.
Qaliblərdən “Qafqaz” Gimnaziyasının şagirdi Orxan Kərimov qızıl, Lənkəran özəl liseyinin şagirdi Mirnahid Məmmədzadə gümüş medala, “Dədə Qorqud” özəl türk liseyinin şagirdi Orxan Bağırlı, Quba özəl türk liseyinin şagirdləri Ataxan Nəcəfov və Vüsal Orucov isə bürünc medallara layiq görülmüşlər.
Bununla da Azərbaycan-Türkiyə özəl liseyləri şagirdlərinin beynəlxalq fənn olimpiadalarında qazandıqları medalların ümumi sayı 234-ə çatmışdır.