İDMAN
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycan Universitetində humanitar fənlər fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, yarışla bağlı keçirilmiş tədbirdə humanitar fənlər fakültəsinin dekanı Mahir Talışlı turnirin məqsədinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili və intellektual səviyyələrinin yüksəldilməsindən ibarət olduğunu qeyd etmişdir. Qeyd edilmişdir ki, şahmat turnirinin bundan sonra ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə təşkilat komitəsinin sədri, universitetin müəllimi Nazim Mehrəliyev müsabiqənin qaydaları haqqında iştirakçılara məlumat verərək bildirmişdir ki, 32 tələbənin yarışacağı turnir Olimpiya sistemi ilə keçirilir.
Püşkatmanın sonra yarış başlanılmışdır. Üç saatdan çox davam etmiş yarışda universitetin III kurs tələbəsi Məhəmməd Nəzərli üçüncü, I kurs tələbəsi İbrahim Mirzəxanov ikinci yerin sahibi olmuşlar. Turnirin qalibi isə universitetdə BBA maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Təbriz Dəmirbəyli olmuşdur.
Qaliblər sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.