SİYASƏT
Azərbaycan Vaşinqtonda Novruz bayramına həsr edilmiş tədbirlərdə təmsil olunmuşdur
Vaşinqton, 19 mart (AZƏRTAC). Şimali Virciniya Kollecindəki Ernst Mədəniyyət İcma Mərkəzində Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilmişdir. Gecə Amerika-Türkiyə Dostluq Assosiasiyası (ATFA) və Avrasiya-Amerika Mədəniyyət Assosiasiyası (EACA) tərəfindən birgə təşkil olunmuşdur. Tədbirdə mindən artıq qonaq, o cümlədən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Qırğızıstan səfiri Muxtar Cumaliyev, Türkiyə səfirliyinin müşaviri Bəhicə Hatipoğlu, Qazaxıstan səfirliyinin müşaviri Nurqali Arıstanov, Feerfeks dairə sovetinin sədri Şeron Bulov və başqaları iştirak etmişlər.
Tədbirlərdə qonaqlar türk xalqlarının ənənəvi yeməklərindən dadmış, Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın xüsusi panellərində eksponatlarla tanış olmuşlar.
EACA-nın prezidenti Nadir Şəfiyev gecəni açaraq qonaqları ATFA və EACA-nın adından salamlamışdır. Sonra türk millətləri təmsilçilərinin rəqs nömrələrindən ibarət konsert olmuşdur.
Tədbirdə Feerfeks dairə sovetinin sədri Şeron Bulov təbrik nitqi ilə çıxış etmiş, bu cür gözəl gecənin təşkilinə görə ATFA və EACA-ya minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, dairənin ərazində belə müxtəlif, lakin eyni zamanda, birləşmiş icma ilə tanışlıq onun ürəyincə olmuşdur.
Qırğızıstan səfiri Muxtar Cumaliyev Novruz bayramının türk millətləri üçün əhəmiyyətini vurğulamışdır. Azərbaycan səfiri Elin Süleymanov qeyd etmişdir ki, Amerikada Novruz bayramına həsr olunmuş bir çox tədbirlər keçirilmişdir, lakin bugünkü gecə bir çox millətlərin təmsil olunduğu belə böyük auditoriyaya malik ilk tədbirdir.
Gecənin sonunda qonaqlar və ifaçılar birlikdə “Əski dostlar” türk mahnısını oxumuşlar.
Yusif Babanlı
Vaşinqton