SİYASƏT
Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın səmərəliliyi vurğulanmışdır
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın səmərəliliyi vurğulanmış, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi, yeni infrastrukturun yaradılması, ən son İKT-lərin tətbiqi üzrə görülən işlər qeyd olunmuş, hakimlərin şəffaf seçiminin Avropada örnək kimi dəyərləndirildiyi bildirilmişdir. Eyni zamanda, elektron ədliyyənin inkişafı, müasir penitensiar komplekslərin inşası üzrə aparılan tədbirlər qonaqların diqqətinə çatdırılmışdır.
Həmməruzəçilər Azərbaycanın keçdiyi inkişaf yolunu təqdir etmiş, ölkəmizə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını vurğulamışlar.
Qonaqlar, həmçinin Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə etmiş, cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə tanış olmaq üçün imkan yaradılmasına görə minnətdarlıqlarını bildirmişlər.
Söhbət zamanı, İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, o cümlədən ədalətli məhkəmə, sərbəst toplaşmaq, mülkiyyət və s. hüquqlarının tətbiqi barədə fikir mübadiləsi aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmişdir.