İQTİSADİYYAT
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsinin həcmi doqquz ayda 57,3 faiz artmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsinin həcmi cari ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 57,3 faiz artmışdır.
Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev noyabrın 14-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumunda bildirmişdir. Diqqətə çatdırılmışdır ki, ölkələrimiz arasında indiyədək 20-dən çox sənəd imzalanmışdır. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir və bu ilin dekabrında BƏƏ-də komissiyanın 4-cü iclasının keçirilməsi nəzərdə tutulur.
Hazırda Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin kapitalı ilə 120-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcmi 263 milyon ABŞ dolları təşkil edir. Eyni zamanda, Abu-Dabi İnkişaf Fondu Azərbaycanda inşa olunan “Cənub” elektrik stansiyasının tikintisinə 42 milyon avro məbləğində vəsait ayırmışdır.