MƏDƏNİYYƏT
Azərbaycan və gürcü aktyorları birgə hazırladıqları tamaşa Tbilisidə göstərilib
Tbilisi, 28 aprel, AZƏRTAC
Aprelin 27-də Tbilisidə Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında N.Dumbadzenin “Didro” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin “Qafqazda sülh istəyirik” birgə beynəlxalq layihəsi əsasında hazırlanan tamaşada rolları Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrının aktyorları ifa ediblər.
İki psixi xəstənin həyatından, müharibənin acı nəticələrindən bəhs edən tamaşa böyük maraqla qarşılanıb.
Sonda azərbaycanlı və gürcü aktyorların əl-ələ tutaraq söylədikləri “Qafqazda sülh istəyirik” şüarı tamaşaçılar tərəfindən ayaq üstə alqışlanıb.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev AZƏRTAC-a bildirib ki, tamaşanın premyerası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində fevralın 26-da Bakıda gürcü aktyorların iştirakı ilə keçirilib. Elə o vaxt tamaşanın Tbilisidə də nümayiş etdirilməsi barədə qərar qəbul olunub.
“Qafqazda sülh istəyirik” layihəsi çərçivəsində hazırlanmış tamaşanın əsas məqsədi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasına kömək göstərməkdir. Azərbaycanın və Gürcüstanın mədəniyyət və teatr xadimləri də bu istiqamətdə ilk addımlarını atdılar”, - deyə İ.Priyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi