SİYASƏT
Azərbaycan və İsveçrə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar vardır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İsveçrə Konfederasiyasının səfiri xanım Sabine Ulmann Şaban ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin genişlənməsindən məmnunluğunu ifadə etmiş və diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Sabine Ulmann Şaban iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirmiş və əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd etmişdir.
Görüşdə, həmçinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.