İQTİSADİYYAT
Azərbaycan və Latviya arasında əməkdaşlıq uğurla inkişaf edir
Bakı, 26 aprel (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyində Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laymdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
Görüşdə Latviya İqtisadiyyat Nazirliyinin dövlət katibi Juris Puce və digər rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən iş adamları da iştirak etmişlər.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulamışdır. Nazir Şahin Mustafayev, həmçinin Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat vermişdir.
Latviyanın kənd təsərrüfatı naziri xanım Laymdota Straujuman səfər çərçivəsində keçirdiyi görüşlərin və bu günlərdə keçirilmiş Azərbaycan-Latviya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulamışdır. Nazir iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmişdir.
Görüş çərçivəsində, həmçinin Latviyanın heyvandarlıq, şirniyyat istehsalı, tərəvəz emalı, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri fəaliyyətlərinə dair məlumat vermişlər.