ELM VƏ TƏHSİL
Azərbaycan və Malayziya təhsil sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Bakı, 30 iyun, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman ilə görüş olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəb haqqında qonağa məlumat verib, ölkələrimiz arasındakı əlaqələrdən danışıb, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Rektor deyib ki, ali təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığımızın inkişafı üçün böyük potensial var. Neft-qaz, kimya, avtomatika və digər müvafiq istiqamətlərdə yerli və beynəlxalq əmək bazarının ən müasir tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığında BANM-in xüsusi rolu olduğunu vurğulayan E.Qasımov tələbələr üçün nəzəri biliklərlə yanaşı, praktik təcrübənin də əhəmiyyətindən və bu sahədə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin tələbələr üçün yaratdığı təcrübə imkanlarından söz açıb. O, Malayziyanın Azərbaycanda fəaliyyət göstərən “Petronas” şirkətinin də bu istiqamətdə mühüm töhfə verə biləcəyini qeyd edib.
Rektor informasiya-kommunikasiya texnologiyaları və kompyuter mühəndisliyi istiqamətlərində Malayziya Elm və Texnologiya Universiteti və Petronas Texnologiya Universiteti ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını bildirib. BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edən E.Qasımov malayziyalı tələbələrin də bu ali məktəbdə təhsil almaları üçün geniş imkanların olduğunu vurğulayıb.
Roslan Abdul Rahman Azərbaycan və Malaziya arasında xüsusilə təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu, səfirliyin ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində hərtərəfli dəstək göstərəcəyini vurğulayıb.
Sonda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.