SİYASƏT
Azərbaycan və Orta Asiya ölkələrinin müstəqilliklərinin 25-ci ildönümü ilə bağlı Ankarada simpozium keçirilir VİDEO
Ankara, 6 oktyabr, AZƏRTAC
Azərbaycan və Orta Asiya ölkələrinin müstəqilliklərinin 25-ci ildönümü münasibətilə Ankarada simpozium keçirilir. Əhməd Yesevi Universiteti tərəfindən təşkil edilən tədbirdə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunur.
Simpoziumun açılışında Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarının dövlət, hökumət və parlament nümayəndələri, diplomatik missiyanın və türk dünyasının birliyi istiqamətində fəaliyyət göstərən qurumların rəhbərləri, nüfuzlu elm adamları iştirak edirlər.
Tədbirin açılışında çıxış edən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin rəhbəri Serdar Çam və digər çıxışçılar diqqətə çatdırıblar ki, müstəqilliklərinin 25-ci ildönümünü qeyd edən türkdilli ölkələrlə Türkiyə arasındakı əlaqələrin inkişafında ötən dövrdə böyük və əhəmiyyətli yol qət olunub. Ortaq tarixə malik olan ölkələr gələcəklərini də birgə inşa edərək daha da güclənirlər.
Daha sonra simpozium “Türkiyə və türkdilli respublikalar” mövzusunun müxtəlif aspektlərinə həsr edilən panellərlə davam edib.
Əlaqələrin diplomatik müstəvidən dəyərləndirildiyi paneldə çıxış edən Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov son 25 ildə ölkəmiz ilə Türkiyə arasındakı əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair 250-dən artıq sənədin imzalanması bunun bariz nümunəsi kimi qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında misilsiz rol oynadığını qeyd edən səfir Türkiyə ilə prioritet xarakter daşıyan xüsusi münasibətlər siyasətinin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycan və Türkiyənin həyata keçirdiyi iqtisadi strategiyanın əhəmiyyətindən danışan səfir TANAP və TAP layihələri barədə də iştirakçılara ətraflı məlumat verib.
Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa İsen türkdilli ölkələrin, o cümlədən Azərbaycanın müstəqil ölkə kimi uğurla inkişaf etmələrinin Türkiyə üçün də müstəsna önəm kəsb etdiyini bildirib.
Türkdilli ölkələr arasında çoxtərəfli əməkdaşlığa həsr edilmiş paneldə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, müxtəlif türk xalqlarının dil, ədəbiyyat, incəsənət və digər sahələrdəki dəyərləri türk dünyasının ortaq xəzinəsidir və bu zəngin xəzinənin qorunması üçün mühüm layihələr hazırlanır. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat UNESCO, ISESCO, TÜRKSOY, eyni zamanda, türkdilli dövlətləri bir araya gətirən qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə xüsusi diqqət verir. Türkdilli xalqların mədəniyyətinin, qeyri-maddi irsinin qorunması istiqamətində görülən işlərə dair məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində Türkiyə ilə müstəqilliklərinin 25-ci ildönümü qeyd edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərini əks etdirən musiqili kompozisiya da nümayiş olunub.
Simpozium işini oktyabrın 7-də davam etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara