ELM VƏ TƏHSİL
Azərbaycan və Qazaxıstanın Şərqşünaslıq institutları arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 11 may, AZƏRTAC
Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan və baş elmi işçisi iqtisadiyyat elmləri doktoru, dosent Dina Aytjanova mayın 11-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, görüşdə Şərqşünaslıq İnstitutu və Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva iki ölkə arasında münasibətlərin möhkəm təmələ bağlı olduğunu söyləyib, elmi əlaqələrin də möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. G.Baxşəliyeva iki ölkənin Şərqşünaslıq institutları arasında imzalanacaq memorandumun bu sahədə elmi əməkdaşlığın əsasını qoyacağını deyib, bu əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini bildirib.
Duysen Qalımjan təmsil etdiyi institut barədə görüş iştirakçılarına məlumat verib. O, Qazaxıstan Şərqşünaslıq İnstitutunda beş elmi-tədqiqat şöbəsində əlli elmi işçinin, o cümlədən on iki elmlər doktoru və iyirmi beş elmlər namizədinin çalışdığını, son illərdə institutda 300-dən çox monoqrafiyanın nəşr olunduğunu söyləyib.
Qazaxıstan Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Dina Aytjanova imzalanan memorandumun əhəmiyyətini vurğulayıb, Qazaxıstan və Azərbaycan şərqşünaslarının birgə layihələrdə çalışaraq iki ölkənin elminə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra qazaxıstanlı şərqşünaslar azərbaycanlı həmkarlarının suallarını cavablandırıblar.