İQTİSADİYYAT
Azərbaycan və Qırğızıstan arasında mülki aviasiya sahəsində saziş imzalanmışdır
Bakı, 17 noyabr (AZƏRTAC). Bişkekdə Azərbaycan Respublikası və Qırğız Respublikasının mülki aviasiya nümayəndə heyətləri arasında görüş keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) AZƏRTAC-a bildirilmişdir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və iki ölkə arasında hava əlaqəsinin qurulmasının perspektivləri müzakirə edilmişdir.
Tərəflər Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalamışlar. Bununla da ölkələrimiz arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsinin müqavilə-hüquqi təməli əsası qoyulmuşdur.
Görüşdə Azərbaycan tərəfdən “Silk Way Airlines” şirkətinin və Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinin nümayəndələri iştirak etmişdirlər.