ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında ikili diplomların verilməsinə dair mühüm sənəd imzalanıb
İstanbul, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin İstanbul Texnik Universiteti (İTU) arasında ikili diplomların verilməsi haqqında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə İstanbul Texnik Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində iki təhsil müəssisəsinin rəsmi heyətlərinin iştirakı ilə görüş keçirilib.
Müqaviləni AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və İTU-nun rektoru, professor Mehmet Karaca imzalayıblar.
Rektorlar müqaviləni Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığa dair mühüm sənəd kimi dəyərləndiriblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İstanbuldakı Yıldız Texniki Universitetində görüş keçirib, bu ali məktəbin təhsil və texniki imkanları ilə tanış olub.
Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Nəcibə Nəsibova görüşlərdə iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul