Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTANIN NEFT VƏ QAZ POTENSİALI: ENERGETİKA, İQTİSADİYYAT, EKOLOGİYA. ƏMƏKDAŞLIĞIN STRATEGİYASI” BEYNƏLXALQ KONFRANSININ BAKI ŞƏHƏRİNDƏ KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası və Türkmənistan müstəqillik əldə etdikdən sonrakı dövrdə böyük inkişaf yolu keçərək müxtəlif sahələrdə uğurlar qazanmış və hal-hazırda nəinki regionda, hətta dünya miqyasında ən dinamik inkişaf edən ölkələrdir. İki xalq arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətləri qorunub saxlanaraq bu gün daha da möhkəmləndirilir.

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedovun 2008-ci il 19-20 may tarixlərində Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan vermişdir.

İqtisadi əlaqələrin genişlənməsində maraqlı olan ölkələrimiz iki dövlət arasında əməkdaşlığın səviyyəsini yüksəldərək, dünyada neft və qaz istehsalında mühüm yer tutmaq üçün böyük potensiala malik olduqlarını sübut etmişlər. Bu baxımdan Xəzər regionunda neft, qaz və enerji sahələrinə qoyulan irimiqyaslı beynəlxalq investisiya layihələrinin nəzərdən keçirilməsi, yeni müasir texnologiyalardan istifadə olunması, elm və ekologiya sahələrində işlərin əlaqəli aparılması, habelə əməkdaşlıq imkanlarının hərtərəfli öyrənilməsi və həmin imkanların dünyaya çatdırılması üçün Türkmənistanla birgə xüsusi konfransın keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Azərbaycan Respublikası ilə Türkmənistan arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinin, hər iki ölkədə enerji ehtiyatlarından daha səmərəli istifadə olunmasının, bu sahədə regional və beynəlxalq layihələrin qarşılıqlı fayda əsasında reallaşdırılmasının mühüm əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası” Beynəlxalq Konfransı 2008-ci ilin sentyabr ayında Bakı şəhərində keçirilsin.

2. Bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan Konfransın hazırlanmasını və keçirilməsini təmin etmək üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri:

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri:

Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Xələf Xələfov - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

3. Bu Sərəncamın 2-ci bəndinə əsasən yaradılmış Təşkilat Komitəsi müvafiq tədbirlər proqramını hazırlayıb yerinə yetirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin