İDMAN
Azərbaycan velosipedçisi İtaliyada keçirilən “Valli Del Natisone” Gran-Prisində uğurlu nəticə göstərib
Roma, 16 sentyabr (AZƏRTAC). Azərbaycanın şose velosipedi üzrə gənclərdən ibarət yığma komandası İtaliyada keçirilən bir günlük “Valli Del Natisone” Gran-Prisində uğurla çıxış edib. Belə ki, yığmamızın üzvü Elgün Əlizadə 120 kilometrdən ibarət marşrutu ilk üçlükdə başa vuranlar arasında yer alıb. Məsafəni 2 saat, 47 dəqiqə, 40 saniyəyə qət edən E.Əlizadə yarışın qalibi ilə eyni nəticəyə imza ataraq fotofinişə əsasən üçüncü yeri tutub.
Ümumilikdə isə yürüşdə qitənin 10-dan artıq ölkəsinin 111 gənc velosipedçisi çıxış edib.
Qeyd edək ki, E.Əlizadə cari ilin iyulunda İsveçrədə keçirilən Avropa çempionatında 12-ci yer tutmaqla Azərbaycan velosiped idmanı tarixində ən yüksək nəticəyə imza atıb. Bununla da o, mütəxəssislərin diqqətini özünə cəlb etməyi bacarıb. Bundan başqa, bu yaxınlarda Xızıda keçirilən cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatının qalibi olan velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma