MƏDƏNİYYƏT
“Azərbaycan xalçaları – Bakı qrupu” kitabçası çapdan çıxmışdır
Bakı, 6 aprel (AZƏRTAC). “Azər-İlmə” xalçaçılıq müəssisəsi növbəti nəfis nəşrini oxucuların ixtiyarına vermişdir. “Azərbaycan xalçaları öz qrupları ilə” silsiləsindən “Azərbaycan xalçaları - Bakı qrupu” kitabçası işıq üzü görmüşdür.
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, kitabçada Bakı xalçaçılığının səciyyəvi xüsusiyyətləri, inkişaf mərhələləri ətraflı tədqiq olunmuşdur. Oxucular bu nəşr əsasında Bakıda toxunan ən nadir xalçalarla, onların özünəməxsus cəhətləri, toxunma texnologiyası, rəng və kompozisiya xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bakı xalçaları həmişə nəfis elementləri, orijinal bədii tərtibatı, zərifliyi və incəliyi ilə seçilmişdir. Burada ilmə sıxlığı 38x38 santimetrdən başlayaraq 40x40, 42x42, 38x45, 45x45 sm aralarında olan kiçikölçülü “Novxanı”, “Suraxanı” və “Fatmayı” xalçaları, eyni zamanda 130x350 sm, 120x300 sm ölçülü nisbətən iri “Goradil”, “Fatmayı”, “Xilə-buta”, “Xilə-Əfşan” kompozisiyalı xalçalar da istehsal edilmişdir.
Oxucuların Bakı xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etməsi üçün kitabçada “Azər-İlmə”nin kolleksiyasında qorunan nadir xalçaların təsviri də verilmişdir.
Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində nəşr olunan kitabçanın beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulmuşdur.
Layihənin rəhbəri professor Vidadi Muradovdur.