MƏDƏNİYYƏT
Azərbaycan xalçasının dünya bazarındakı yeri bərpa edilməkdədir
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan xalçasının dünya bazarındakı yeri bərpa edilməkdədir. İlin sonunadək “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ filialları fəaliyyətə başlayacaq. Ümumilikdə isə respublika üzrə “Azərxalça”nın 30 filialının olması və bununla da 5000-dək adamın daimi iş yeri ilə təmin edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, “Azərxalça”nın ilk filialında - ötən ilin oktyabrından fəaliyyətə başlayan Füzuli filialında 100-dək müxtəlif ölçülü xalça toxunub. Filialların sayı artdıqca xalçaların çeşidi çoxalacaq. Həmin filiallarda xalçalar əl əməyi əsasında istehsal olunur. Xalçaların özəlliyi onların yunundan, rəngindən, naxışından, bədii kompozisiyasından tutmuş ən xırda detallarınadək əsl Azərbaycan məhsulu olmasındadır. Bu məhsullar isə dünya bazarına çıxarılacaq.