ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların böyük əhəmiyyəti var VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov konfransın Prezident İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların əhəmiyyəti böyükdür.
Akademik diqqətə çatdırıb ki, 1918-1920-ci illərdə “Azərbaycan” qəzetində ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatına dair yüzlərlə məqalə dərc olunub. O deyib: “Qəzetdə, həmçinin erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan, Qarabağ və digər rayonlarda xalqımıza qarşı törətdiyi vəhşiliklər, Ermənistan ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilib”.
Y.Mahmudov Tarix İnstitutu ilə “Azərbaycan” qəzeti arasında sıx əlaqələrin qurulduğunu, azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi barədə məqalələrlə qəzetdə mütəmadi çıxış etdiklərini söyləyib.
Akademik XXI əsrin informasiya-kommunikasiya dövrü olduğunu və rəhbərlik etdiyi müəssisədə ermənilərin informasiya təbliğatına qarşı davamlı iş aparıldığını, son 14 il ərzində bu istiqamətdə 400-dən artıq nəşrin çap olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Tarix İnstitutu ermənilərin tarixi saxtalaşdırma siyasətinə qarşı mübarizəsini bundan sonra da davam etdirəcək.
Sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzeti müstəqilliyimizin atributu kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, “Azərbaycan” qəzeti 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilmiş ilk nömrəsindən Azərbaycan adının və azərbaycançılıq ideologiyasının geniş təbliği ilə məşğul olub və rəsmi dövlət qəzeti statusunu qazanıb. B.Sadıqov deyib: “Azərbaycan Xalq Cümhuriyyəti parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan sonra “Azərbaycan” qəzeti onun fəaliyyətini geniş işıqlandırıb və parlamentin mühüm iclaslarından stenoqrafik hesabatlar “Azərbaycan Məclisi-Məbusanında” rubrikası altında dərc edilib. Qəzetdə “Rəsmi xəbərlər”, “Teleqraf xəbərləri”, “Türkiyədə”, “Rusiyada”, “Ermənistanda”, “Gürcüstanda”, “İrəvan müsəlmanlarının halı”, “Teatr və musiqi” və digər daimi rubrikalar da mövcud olub”.
B.Sadıqov qəzetdə görkəmli bəstəkarımız Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə aid 100-dən çox məqaləsinin dərc olunduğunu bildirib. Bu gün dövlət tərəfindən “Azərbaycan” qəzetinə göstərilən diqqət və qayğıdan danışan baş redaktor vurğulayıb ki, bu mətbu orqan müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini bundan sonra da səhifələrində əks etdirəcək.
Daha sonra Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadənin “Azərbaycan” qəzeti Cümhuriyyət dövründəki ictimai-siyasi həyatın aynasıdır”, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İradə Bağırovanın “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı”, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılovun “Cümhuriyyət dövründə dövlət quruculuğu məsələləri “Azərbaycan” qəzetinin səhifələrində” mövzularında məruzələri dinlənilib.
Konfrans çərçivəsində Tarix İnstitutunun mühüm nəşrlərindən ibarət kitab sərgisi təşkil edilib. Sərgidəki vəsaitlər “Azərbaycan” qəzetinin redaksiyasına hədiyyə olunub. Həmçinin “Azərbaycan” qəzetinin 1993-2017-ci illərdə dərc olunmuş nömrələri də çap və elektron variantda Tarix İnstitutuna hədiyyə edilib. Bildirilib ki, qəzetin Cümhuriyyət dövründə çapdan çıxmış nüsxələrinin transliterasiyası hazırlanır. Çapdan çıxan kimi həmin kitabın təqdimatı keçiriləcək və qəzetin redaksiyasına hədiyyə ediləcək.