CƏMİYYƏT
Azərbaycan xalqı Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edib - FOTOLAR
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-si - Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anıb.
AZƏRTAC xəbər verir ki, Anım Günündə ən çox ziyarət olunan yer Vətən uğrunda canından keçən qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanıdır. Gün ərzində Vətən müharibəsinin iştirakçıları, qazilər, paytaxt sakinləri, o cümlədən gənclər, uşaqlar şəhidlərimizin xatirəsinə sonsuz ehtiramlarını ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutublar. Anım Günündə şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində 2907 nəfər şəhid verib. Bundan başqa, 7 hərbi qulluqçu isə indiyədək itkin düşmüş hesab olunur.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə dərin ehtiramın əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.