MƏDƏNİYYƏT
Azərbaycan xalqının Novruz bayramı Strasburqda təntənəli şəkildə qeyd olunmuşdur
Paris, 18 mart (AZƏRTAC). Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, martın 17-də qurumun təşəbbüsü və təşkilatçılığı ilə Strasburqda Novruz bayramı təntənəli şəkildə qeyd edilmişdir.
Bayram tədbirində Avropa Şurası yanında akkreditə olunmuş daimi nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Strasburq Universitetinin professorları, yerli ictimaiyyətin nümayəndələri, bu şəhərdə təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, habelə Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri iştirak etmişlər.
Tədbiri açan Azərbaycanın AŞ yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov qonaqları salamlamış, onları xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə təbrik etmişdir.
Səfir Novruz bayramının tarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında ətraflı məlumat vermiş və bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, yaxşı qonşuluq, bərəkətlilik, təbiətin oyanışı bayramı olduğunu bildirmişdir. Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin müstəsna mövqeyə malik olduğunu vurğulayan E.Eyyubov onun mədəni müxtəliflik, dözümlülük, sağlam həyat tərzi kimi dəyərləri təcəssüm etdirdiyini bildirmişdir.
Bundan əlavə, səfir Novruz bayramının özündə su, od, yel və torpaq ilaxır çərşənbələrini birləşdirdiyini, bayram günlərində bununla bağlı müxtəlif ayin və mərasimlərin keçirildiyini bildirmişdir.
E.Eyyubov Novruz bayramının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini vurğulamış, habelə 2010-cu ildə hər il martın 21-nin BMT-nin Baş Məclisi tərəfindən “Beynəlxalq Novruz Günü” elan olunduğunu diqqətə çatdırmışdır.
Sonra Azərbaycanın Əməkdar Artisti Xanlar Bəşirovun rəhbərlik etdiyi “Azərbaycan qartalları” rəqs qrupunun və onları müşayiət edən musiqiçilərin təqdimatında Azərbaycanın milli rəqsləri nümayiş etdirilmişdir. Gənc müğənni Mehri Əsədullayevanın ifasında Azərbaycan xalq mahnıları səslənmişdir.
Musiqili gecənin proqramı, xüsusilə gənc rəqqasların məharəti tədbir iştirakçılarında böyük maraq və rəğbət hissi yaratmışdır.
Sonda tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin ləziz yeməkləri və Novruz şirniyyatları təqdim olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris