SİYASƏT
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Serbiyada da anılmışdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ölkəmizin Serbiyadakı səfirliyində tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Serbiya-Azərbaycan Ticarət Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və jurnalistlər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Taşmaydan parkına gələrək, ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuş, xatirəsini ehtiramla anmışlar.
Görkəmli serb yazıçısı Milorad Paviçin, eləcə də 1999-cu ildə NATO bombardmanları zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidələri ziyarət edilmişdir.
Azərbaycanın Serbiyadakı səfirliyində davam edən tədbirdə diplomatik nümayəndəliyimizin müşaviri Qabil Köçərli görkəmli siyasi xadim Heydər Əliyevin şərəfli həyat yolundan və fəaliyyətindən, ulu öndərin Azərbaycan müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən danışmışdır. Vurğulanmışdır ki, əsası ulu öndər tərəfindən qoyulmuş siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilmişdir.