İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” donanmasının gücləndirilməsi diqqət mərkəzindədir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2015-2020-ci illərdə strateji İnkişaf Konsepsiyasının layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev oktyabrın 22-də səhmdar cəmiyyətin birillik fəaliyyətinə dair hesabat məruzəsində deyib.
Əvvəlcə QSC-nin inzibati binasında yenidən qurulan Heydər Əliyev guşəsinin və Ulu Öndərin büstünün açılışı oldu. Ümummilli Liderin büstü önünə əklil qoyuldu, görkəmli dövlət xadiminin xatirəsi ehtiramla yad edildi. Dənizçilər Ulu Öndərin həyat və fəaliyyətini, eləcə də dəniz nəqliyyatına diqqət və qayğısını əks etdirən guşə ilə tanış oldular. Bildirildi ki, 156 illik qədim tarixə malik Xəzər dəniz gəmiçiliyinin inkişafı ümummilli lider Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Gəmiçiliyin donanmasının əsasını təşkil edən gəmilər məhz həmin illərdə Ulu Öndərin səyi nəticəsində Azərbaycana gətirilib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daha da inkişaf edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bu gün özünün gələcəyə gedən yolunu müəyyənləşdirib və dənizçilər bu istiqamətdə əllərindən gələni əsirgəməməlidirlər.
Daha sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri R.Vəliyevin ötən bir ildə görülən işlər barədə hesabat məruzəsi dinlənildi.
Prezident İlham Əliyevin 2013-cü il 22 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradıldığını diqqətə çatdıran R.Vəliyev bildirdi ki, respublikada mövcud olan iki böyük donanmanın – Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək Qapalı Səhmdar Cəmiyyətin yaradılması qədim və zəngin tarixə malik Azərbaycan dəniz nəqliyyatının qarşısında böyük üfüqlər açıb.
Hazırda QSC-nin əsas hədəfi müasir beynəlxalq gəmiçilik şirkəti qurmaqdır. Perspektiv planlara isə Xəzər dənizində mövqeyi gücləndirmək şərti ilə dünya sularına çıxışın təmin edilməsi, donanmanın yeniləşdirilməsi və sertifikatlaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi daxildir. Bu barədə məlumat verən R.Vəliyev vurğuladı ki, QSC-nin maliyyə-uçot sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində işlər uğurla davam etdirilir. Aktivlərin beynəlxalq standartlara əsasən qiymətləndirilməsi ilə bağlı müvafiq təşkilatlarla əlaqələrin qurulması diqqətdə saxlanılır. Gəmiçiliyin İSO sertifikatları ilə təmin olunması, alğı-satqı sisteminin mükəmməlləşdirilməsi, şəffaflığın təmin olunması da önəmli məsələlərdəndir. Eyni zamanda, müasir kooperativ şəbəkənin qurulması QSC-də qabaqcıl texnologiyalardan istifadəyə geniş imkanlar yaradacaq. İnkişaf prioritetlərini nəzərə alaraq, bu istiqamətdə də önəmli işlər görülür.
Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizində əlaqələndirici rolunu oynayan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə yanaşı, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına da müvafiq nəqliyyat xidmətləri göstərir. Məruzəsində bununla bağlı ətraflı məlumat verən R.Vəliyev dedi ki, regionda nəhəng beynəlxalq layihələrin reallaşması, xüsusən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə əlaqədar yük həcmlərinin çoxalması müxtəlif təyinatlı gəmilərə tələbatı daha da artıracaq. Bu baxımdan nəqliyyat donanmasının müasir gəmilərlə gücləndirilməsi diqqət mərkəzindədir.
Dəniz nəqliyyatının inkişafına Prezident İlham Əliyevin diqqət və qayğısından danışan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri bildirdi ki, səhmdar cəmiyyət dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir.
Sədrin baş müşaviri Cəbrayıl Mahmudlu, müavinləri Fərhad Quliyev, Cəlal Fərəcli QSC-nin satınalmalar siyasəti, strateji inkişaf, investisiya layihələri, yükdaşıma və logistika sahəsində görülən işlər barədə ətraflı məlumat verdilər.
Sonda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni loqosu, brend kitabçası və veb-saytı təqdim olundu.