“AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ: MÜSTƏQİLLİYƏ APARAN YOLLAR”
Kitabın birinci nəşri kimi, hazırkı – işlənmiş, əlavələr olunmuş ikinci nəşri də müəllif tərəfindən Azərbaycanı əbədi müstəqilliyə qovuşdurmuş ümummilli liderimiz Prezident Heydər Əliyev şəxsiyyətinin parlaq xatirəsinə ithaf olunmuşdur.
Azərbaycan xalqı özünün çoxəsrlik azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi, yalnız XX yüzilliyin sonlarında dövlət müstəqilliyinə nail oldu. Müstəqilliyimizi qoruyub saxlamaq, əbədiləşdirmək missiyasını Prezident Heydər Əliyev öz üzərinə götürdü.
Keçən əsrin əvvəllərində qurulmuş ilk milli müstəqil dövlətimizin – Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsi və süqutu əsrin sonunda ikinci dəfə qazanılmış müstəqilliyimizi əbədiləşdirən, dönməz edən Prezident Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərini bariz şəkildə əks etdirir. Prezident Heydər Əliyevin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat mürəkkəb və çətindir.
Dilarə Seyidzadənin “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı məhz ötən əsrin əvvəllərindən canlanmağa başlamış milli-azadlıq hərəkatının, ilk milli dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına doğru aparan yolların müfəssəl tarixi-elmi təhlilinə həsr olunmuşdur.
XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən biridir. İslahatlardan sonrakı bu dövrdə çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi və iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda əmələ gəlmiş sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarını tam əldə etməsi üçün mübarizəyə başçılıq etdilər. Hər cür çətinliklər, məhdudiyyətlər şəraitində deputat seçilmiş Azərbaycan nümayəndələri Rusiya imperiyasının ali qanunvericilik orqanı kimi təsis edilmiş Dövlət Dumasının tribunasından xalqımızın haqq səsini imperiyanın bütün guşələrinə çatdırırdılar.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün zəmin hazırlamış bu dövrün tədqiq olunduğu kitabda XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapmış, mükəmməl və hərtərəfli təhlil olunmuşdur.
Kitab tarixçilər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.