SİYASƏT
Azərbaycan yalnız iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində Avropa İttifaqının və NATO-nun mühüm tərəfdaşıdır
Brüssel, 16 yanvar (AZƏRTAC). Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov yanvarın 15-də bu ölkənin parlamentinin Nümayəndələr Palatasının sədri Andre Flao (André Flahaut) ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, görüşdə diplomat Azərbaycanın regiondakı yeri və rolu barədə ətraflı məlumat verərək ölkəmizin daim Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulamışdır. F.İsgəndərov Azərbaycanın mürəkkəb bir coğrafi məkanda yerləşdiyini nəzərə alaraq respublikamızın müstəqillik əldə etdikdən sonra Avropaya və Avropa İnstitutlarına inteqrasiya yolunu tutduğunu qeyd etmişdir. Səfir Azərbaycanın yalnız iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində Avropa İttifaqının və NATO-nun mühüm tərəfdaşı olduğunu, ölkəmizin dünyanın müxtəlif bölgələrində sülhyaratma əməliyyatlarında fəal iştirak etdiyini diqqətə çatdırmışdır.
Parlamentlərarası münasibətlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində rolunun danılmaz olduğunu vurğulayan F.İsgəndərov qanunverici orqanların əməkdaşlığının daha da intensivləşəcəyinə əminliyini bildirmişdir.
Səfir A.Flaonu Azərbaycana dəvət etmişdir.
A.Flao Azərbaycanın Belçika parlamentində müxtəlif partiyaları və regionları təmsil edən deputat dostlarının olduğunu sevindirici hal kimi qiymətləndirmişdir. O, dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlərlə yanaşı, parlamentlərarası səfərlərin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
F.İsgəndərov A.Flaonun Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinə dair sualına cavab olaraq respublikamızın qonşu ölkələrlə münasibətləri, regionda həyata keçirilən enerji və infrastruktur layihələri, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir.
Avropa ölkələrinin uzunsürən münaqişələrdən sonra bir araya gəlməsi, iqtisadi ittifaqın yaradılması, demokratik proseslərin təkmilləşdirilməsi təcrübəsinin Cənubi Qafqaz ölkələri üçün bir model ola biləcəyini qeyd edən səfir bunun əsasında siyasi iradənin və qonşu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin dayandığını vurğulamışdır. Diplomat qeyd etmişdir ki, Ermənistanın apardığı işğalçılıq siyasəti regionda bu modelin tətbiq olunmasına imkan vermir. Səfir Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkiləcəyi təqdirdə regional əməkdaşlığın qapılarının bu ölkə üçün də açıla biləcəyini diqqətə çatdırmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel