İDMAN
Azərbaycan, Yaponiya, ABŞ, İran və daha altı ölkə güləşin olimpiya oyunları proqramında saxlanması məqsədi ilə səylərini birləşdirmişlər
Tokio, 21 fevral (AZƏRTAC). Yaponiya KİV-lərinin verdiyi məlumata əsasən, güləşin daha geniş yayıldığı 10 ölkə - Yaponiya, ABŞ, Azərbaycan, İran, Rusiya, Türkiyə, Belarus, Bolqarıstan, Qazaxıstan və Gürcüstan bəyan etmişlər ki, onlar bu idman növünün olimpiya oyunları proqramında saxlanılması üçün öz səylərini birləşdirmişlər.
Həmin 10 ölkənin rəsmi nümayəndələri fevralın 20-də Tehranda keçirilən güləş üzrə dünya Kuboku yarışları çərçivəsində məsələnin müzakirə edildiyi debatlara qatılmışlar. Görüş Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2020-ci ilin olimpiya oyunları proqramından çıxarılacaq idman növləri siyahısında güləşin namizəd kimi göstərilməsi barədə qərarına etiraz olaraq keçirilmişdir.
Həmin idman növü üzrə rəhbər orqanların rəsmi nümayəndələri BOK-un müvafiq qərarına qarşı birgə etiraz etmək barədə razılığa gəlmişlər. Görüş zamanı BOK-a birgə petisiyanın təqdim edilməsi qərara alınmışdır. Məsələ ABŞ ilə İran arasında çox az təsadüf edilən işbirliyinə də səbəb olmuşdur. Bu iki ölkə arasında bütün diplomatik əlaqələr İranın nüvə proqramına görə kəsilmişdir və konfrontasiya həddindədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio