AZƏRBAYCAN YIĞMASI BAŞ MƏŞQÇİSİNİN RUNİ PROBLEMİ
Məşqçinin sözlərinə görə, o, İngiltərə yığmasının 18 yaşlı hücumçusunu “zərərsizləşdirmək” üçün iki və hətta üç müdafiəçi ayırmağı nəzərdə tutmuşdur. Tores demişdir: “Runi əla futbolçudur. Qarşıdakı oyunda başlıca problemimiz məhz Runi olacaqdır. Odur ki, ona göz olmaq üçün bizə iki, yaxud üç oyunçu ayırmaq lazım gələcəkdir”.
Bununla yanaşı, Azərbaycan yığmasının baş məşqçisi razılıqla qeyd etmişdir ki, ingilislərin başqa bir güclü futbolçusu – Devid Bekhem onun komandasına qarşı oynamayacaqdır. O demişdir ki, ingilislərlə görüşdə Tofiq Bəhramov adına Respublika stadionunun tribunaları azarkeşlərlə dolu olacaqdır, çünki onlar dünya şöhrətli futbolçuların oyununu görmək istəyirlər.
Təbii ki, qarşıdakı oyunda aşkar favorit İngiltərə komandasıdır. Buna baxmayaraq, Tores ingilislərlə görüşə yaxşı futbol oynamağı bacardığını göstərəcək komanda çıxarmaq niyyətindədir.
Xatırladaq ki, 2006-cı il dünya çempionatının 6-cı qrupunda Azərbaycan-İngiltərə görüşü oktyabrın 13-də keçiriləcəkdir.
O ki qaldı İngiltərə yığmasının kapitanı və İspaniyanın “Real” klubunun oyunçusu Devid Bekhemə, seçmə turnirinin şənbə günü Uels futbolçularına qarşı keçirilmiş görüşündə onun qabırğası sınmışdır. Həkimlərin ilkin diaqnozuna görə, o, məşqlərə tezliklə başlaya bilər, amma hələ təxminən 6 həftə rəsmi görüşləri kənardan seyr etməli olacaqdır. Odur ki, Bekhemin yığma komandada oynamadığı dövrdə kapitan vəzifəsini, çox güman, Maykl Ouen yerinə yetirəcək, yarımmüdafiədə isə onun yerini Şon Rayt-Fillips tutacaqdır.