İQTİSADİYYAT
“AZƏRBAYCANA EKSPORT ETMƏK”
Fransanın “CFCE” nəşriyyatı “Azərbaycana eksport etmək” kitabını nəfis şəkildə kütləvi tirajla çap etmişdir. Fransa Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Mişel Jeleninin redaktorluğu ilə nəşr olunmuş kitabın müəllifləri Jülyən Süodo, An Düşen və Amal Meküi-Qaebeldir. 180 səhifəlik kitabda müstəqillik əldə etmiş respublikamızın on illik dövrünün bütün sahələri əhatə olunmuşdur.
Kitabın əvvəlində ölkəmizin ümumi coğrafi xəritəsi verilmiş, işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlar xüsusi rənglə göstərilmişdir. Mişel Jelenin kitaba yazdığı ön sözdə bu əsərin bu günkü Azərbaycanı olduğu kimi təqdim etmək məqsədi daşıdığını xüsusi vurğulamışdır.
Kitabın əvvəlində ölkəmizin coğrafi quruluşu, iqlimi, relyefi, xalqımızın dili, tarixi barədə fransız oxucularına qısa məlumat verilmiş, əhalisinin sayına və ərazisinə görə Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında ən böyük respublika oldugu göstərilmişdir.
Keçmiş SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış digər sovet respublikaları kimi, Azərbaycanın ağır dövrlər yaşadığı, siyasi və iqtisadi böhran keçirdiyi, 1993-cü ildə cənab Heydər Əliyev Prezident seçildikdən sonra ölkəmizin həyatında mühüm dəyişikliklər baş verdiyi, sabitlik yarandığı, Azərbaycanda demokratik dövlət qurulduğu, iqtisadiyyatda yüksək nailiyyətlər əldə edildiyi kitabda öz əksini tapmışdır.
Əsərdə 1994-cü il sentyabr ayının 24-də Bakıda xarici ölkələrin neft şirkətləri ilə imzalanmış, tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olmuş müqavilənin respublikamızın iqtisadiyyatındakı rolundan, xarici şirkətlərin Azərbaycana qoyduğu sərmayələrdən geniş söhbət açılmışdır.
Əsərdə Fransa-Azərbaycan əlaqələrinə xüsusi səhifələr ayrılmışdır. Burada iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə yüksəldiyi xüsusi vurğulanmış, müxtəlif fransız şirkətlərinin fəaliyyəti ayrı-ayrılıqda qeyd edilmişdir.
Kitabın son səhifələrində iki ölkə arasında viza verilməsi şərtləri ilə yanaşı, sağlamlıq mərkəzlərinin, hava nəqliyyatı şirkətinin, mehmanxanaların, rabitə xidmətlərinin, iri mağazaların, bankların, kütləvi informasiya vasitələrinin və digər sahələrin ünvan və telefon nömrələri də verilmişdir.
Kitab ölkəmiz haqqında fransız oxucularına geniş məlumat verməklə bərabər, respublikamıza səyahət etmək istəyən fransız vətəndaşlarına dəyərli töhfədir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris