İQTİSADİYYAT
Azərbaycana KİSS markalı ikimərtəbəli elektrik qatarları gətirilir
Bakı, 21 may, AZƏRTAC
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclasında iştirak edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodu ilə tanış olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, zavodla tanışlıq zamanı “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirildi ki, “Stadler Minsk” zavodu MDB məkanında mövcud olan genişzolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. İllik istehsal gücü 120 vaqondur. Artıq zavodda “Aeroekspress” dəmir yolu operatoru üçün 25 ikimərtəbəli qatar istehsal olunub. İlk belə ekspress qatar bu yaxınlarda Moskvada xəttə buraxılıb. “Stadler Minsk” zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunacaq.
Sonra C.Qurbanov “Stadler Minsk” zavodunda Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib.
Mayın 24-də KİSS markalı 2 ikimərtəbəli elektrik qatarı yola salınacaq, iyunun 2-də Azərbaycana çatacaq.
Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir danışıqlar aparılır. Bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb.