İDMAN
Azərbaycanda 2012-ci ilin “İdman ili” elan edilməsi Yevlaxda bu sahənin inkişafı baxımından yaddaqalan olmuşdur
Yevlax, 4 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “İdman ili” elan edilmiş 2012-ci il Yevlax rayonunda idmanın inkişafı baxımından yaddaqalan olmuşdur.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildirmişlər ki, Yevlaxda idmanın futbol, voleybol, cüdo, ağır atletika, şahmat, taekvondo, çoxmübarizəli döyüş, kyokuşin, kaykan, kontakt karate, ciu-citsu, sambo, sərbəst və yunan-roma güləşi növləri fəaliyyət göstərir. Rayon üzrə 6995 nəfər idmanın müxtəlif növləri ilə məşğul olur. Son illər idmana artan dövlət qayğısının nəticəsidir ki, rayonda I dərəcəli idmançılar 205 nəfər, idman ustalığına namizədlər 21 nəfər, idman ustaları 12 nəfər, beynəlxalq yarışların qalibləri 22 nəfərdir.
Rayonun uşaq, yeniyetmə və gəncləri 2 kompleks idman qurğusu, 2 üzgüçülük hovuzu, 24 stadion, 26 təhsil ocaqlarının idman zalı, 1 atıcılıq tiri, 46 sadə idman qurğusu, 1 bədən tərbiyəsi sağlamlıq mərkəzi və 1 şahmat məktəbindən istifadə edirlər. 2012-ci ildə Yevlax şəhər 2 nömrəli və Salamabad kənd orta məktəblərin idman zalları əsaslı təmir olunaraq istifadəyə verilmiş, bulvar istirahət mərkəzində süni örtüklü futbol və voleybol meydançaları inşa edilmişdir. Hazırda uşaq-gənclər idman məktəbində əsaslı təmir işləri davam etdirilir. Burada müasir standartlara cavab verən cüdo, voleybol, mini futbol, ağır atletika zalları, üzgüçülük hovuzu və geniş futbol meydançası yeniyetmə və gənclərin istifadəsinə veriləcəkdir.
Yenicə yola saldığımız 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar rayonda mərasimlər, idman ictimaiyyəti ilə görüşlər, futbol, mini futbol, voleybol, sərbəst güləş, cüdo, yunan-Roma güləşi, ciu-citsu, taekvondo, ağır atletika, şahmat, dama üzrə rayon birincilikləri keçirilmiş, rayon idmançıları beynəlxalq, respublika və zona yarışlarında fəal iştirak etmişlər.