Azərbaycanda 960 min qışlayan quş aşkarlanıb
Bakı, 3 mart, AZƏRTAC
Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür. Bu günün məqsədi ictimaiyyəti vəhşi fauna və yabanı flora növlərinin müxtəlifliyi barədə məlumatlandırmaq və insanlara vəhşi təbiətin mühafizəsini aşılamaqdır.
Azərbaycanın heyvanlar aləminin zənginliyinə relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Azərbaycan faunasında 14000 növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınıb.
Ölkəmiz Avropada qışlayan quşların sayına görə 3-4-cü yerdədir. Bu da Kür-Araz ovalığı, Xəzər sahilində unikal yerlərin olması, orada çoxlu sututarları, küləkdən qorunan buxtaların mövcudluğu və onların sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır.
Ölkəmizdə sututarlara xüsusi yaraşıq verən amillərdən biri də burada qışlayan quşlardır. Əlverişli şərait Azərbaycana qışlamağa gələn quşların sayını ildən-ilə artırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Ornitoloji Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qışlayan quşların sayılması prosesi aparılır.
AZƏRTAC Ümumdünya Vəhşi Təbiət Günündə həmin prosesdə yaxından iştirak edən Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanovla həmsöhbət olub. Cəmiyyətin sədri qışda aparılan sayılma prosesinin uğurla yekunlaşdığını diqqətə çatdıraraq deyib: “Bu il Azərbaycanda 960 min qışlayan quş aşkarlanıb ki, onların da 95 faizi su quşudur. Quşların sayında ötən ilə nisbətən 140 min artım qeydə alınıb. Əvvəlki illərə nisbətən bəzgəklərin sayında iki dəfə azalma müşahidə olunub: “Qış quraq keçdiyindən onlar ənənəvi qışlama yerlərində əvvəlki sayda müşahidə olunmayıblar. Təxminən 5-20 min dəstə bəzgək qeydə alınıb. Bununla yanaşı, qar yağması nəticəsində şimaldan daha çox quş ölkəmizə gəlib. Qışlayan quşların təxminən yarım milyonu Qızılağac Milli Parkının “Böyük Körfəz” adlanan ərazisində müşahidə olunub”.
E.Sultanov bildirib ki, quşların yaz-yay dövründə sayının aparılması məqsədilə proqram hazırlanır: “Prosesdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Ornitoloji Cəmiyyətinin mütəxəssisləri birgə fəaliyyət göstərəcəklər. Bu dəfə “Qırmızı kitab”a düşən yuvalayan quşların sayılması prosesini aparmağı düşünürük. Nümunə üçün turac, sultanquş, kərkəs, cüllüt, qırğı, qartal kimi quşların adını çəkə bilərəm. Sayılma prosesi onların yuvasını axtarmaqla və ya səs vasitəsilə yerini tapmaqla aparıla bilər. Bundan əlavə, sərçəkimilərin əsasən Naxçıvanda rast gəlinən və “Qırmızı kitab”a düşən 11 növünün də sayını bilmək üçün orada sayılma prosesinin aparılması nəzərdə tutulub. Həmçinin yüksək dağlıq ərazilərdə yaşayan Qafqaz uları, Xəzər uları, dağ xoruzu quşlarının da sayını müəyyənləşdirmək niyyətindəyik”.