CƏMİYYƏT
Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri Qarabağın bərpası istiqamətində aparılan işlər barədə məlumatlandırılıb
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri üçün Qarabağın bərpasına və yenidən qurulmasına həsr olunan işgüzar görüş təşkil edib.
Qarabağ Dirçəliş Fondundan (QDF) AZƏRTAC-a bildiriblər ki, tədbirdə “AmCham”ın 100-dən çox üzvü, bir çox yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib.
“AmCham”ın prezidenti Nərgiz Nəsrullayeva çıxışında Qarabağda ekoloji tarazlığın bərpası məqsədilə Fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Zəfərdən dirçəlişə” meşə massivinin salınması layihəsində (https://qdf.gov.az/layiheler/zeferden-dirchelishe/layihe-haqqinda/) donor qismində iştirak etmək niyyətində olduqlarını bildirib, QDF-yə fəaliyyətində uğurlar arzu edib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri, Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, yerli və xarici biznes nümayəndələri ilə belə görüş imkanları yaratdığına görə Azərbaycanda Amerika Ticarət Palatasına təşəkkürünü bildirib.
R.Hacıyev Fondun fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edərkən deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra regionda yaranan yeni reallıq, eyni zamanda, Qarabağda dağıntıların miqyası işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsini olduqca zəruri edir.
Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdığını vurğulayan sədr ianəçilik mədəniyyətinin təbliği və QDF-in bu istiqamətdə həyata keçirdiyi təşviqat tədbirləri barədə danışıb.
R.Hacıyev Fondun həyata keçirdiyi bir çox layihələr barədə məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İşğaldan azad edilən ərazilərdəki tarixi abidələrin, eyni zamanda, Qarabağda ekoloji tarazlığın bərpasının Fond üçün prioritet məsələlərdən olduğunu qeyd edən Rəhman Hacıyev QDF-in bu istiqamətdə Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib.
Rəhman Hacıyev təqdimat zamanı tədbir iştirakçılarını ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə ərsəyə gələn “Karabakh.Center” internet-resursu (https://karabakh.center/az) və Ermənistan silahlı qüvvələrinin 44 günlük vətən müharibəsi dövründə dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində həlak olan azyaşlı qurbanların xatirəsinə həsr edilən “Karabakhmemorial.com” (https://karabakhmemorial.com/) layihələri ilə tanış edib.
Tədbirdə “Karabakh.Center” layihəsinin materialları əsasında hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan olunmuş tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” fotosərgisi və videoçarxı nümayiş olunub.
Qeyd edək ki, “AmCham”ın üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksəkvəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.