SİYASƏT
AZƏRBAYCANDA BAŞ VERƏN HADİSƏLƏR, İQTİSADİ İNKİŞAF İNGİLTƏRƏDƏ DİQQƏTLƏ İZLƏNİLİR VƏ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Bakı 15 sentyabr (AZƏRTAC). Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev sentyabrın 15-də ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşmüşlər.
Səməd Seyidov Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri, beynəlxalq tədbirlərdə iştirakı barədə qonaqlara ətraflı məlumat vermişdir. Komitə sədri demişdir ki, Milli Məclis beynəlxalq təşkilatlar, eləcə də dünya dövlətlərinin parlamentləri ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri bu qurumdakı Avropa Demokrat Qrupuna daxildirlər. Onlar bu qrupun daxilində həm İngiltərə, həm də digər ölkələrin deputatları ilə sıx əməkdaşlıq edirlər. S.Seyidov ölkələrimiz arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğulamış, bu işdə parlamentlərin rolunu xüsusi qeyd etmişdir.
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev isə işçi qrupunun fəaliyyətindən danışmış, bu qrupların parlamentlərarası əlaqələrin inkişafındakı rolunu yüksək qiymətləndirmişdir. Ç.Əsədullayev Azərbaycan parlamenti və hökumətinin qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirmək üçün birgə fəaliyyət göstərdiyini bildirmişdir. O demişdir ki, Böyük Britaniya, ABŞ və digər nüfuzlu dövlətlərin iştirakı ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən 15 il ötür. Bu illər ərzində xarici şirkətlər, eləcə də İngiltərənin dünyada məşhur bp şirkəti Azərbaycan iqtisadiyyatına külli miqdarda sərmayə qoymuşlar. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə səbəb olmuşdur. İqtisadi sahədə əməkdaşlığımız bizim uğurlarımızı daha da artıracaqdır.
Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü, nümayəndə heyətinin rəhbəri Lionel Zetter ətraflı məlumat üçün minnətdarlıq etmişdir. O demişdir ki, səfərin məqsədi Azərbaycan ilə yaxından tanış olmaq, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparmaqdır.
Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan icmalarından birinin üzvü olduğunu vurğulayan Lionel Zetter demişdir ki, İngiltərədə Azərbaycana böyük maraq vardır. Azərbaycanda baş verən hadisələr, iqtisadi inkişaf diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Sonra qonaqlar öz ölkələrindəki vəziyyət, siyasi mühit barədə məlumat vermiş, Azərbaycan iqtisadiyyatı, siyasi mühiti, seçkilərə hazırlıq və digər məsələlərlə maraqlanmışlar.
Milli Məclisin deputatları qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirmiş, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.