AZƏRBAYCANDA “DONUZ QRİPİ”
Bakı, 6 noyabr (AZƏRTAC). Dünən Azərbaycanda A(H1N1) virusuna yoluxma ilə əlaqədar yeni faktlar aşkar edilmişdir.
“Yeni qrip”in pandemik ştammının yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan müdafiə naziri Səfər Əbiyev silahlı qüvvələrin şəxsi heyəti arasında profilaktik tədbirlər görülməsi haqqında əmr imzalamışdır.
Əmrə əsasən, müdafiə nazirinin müavinləri, qoşun növləri komandirləri, bölmələrin, xidmətlərin hərbi tədris müəssisələrinin rəisləri, hərbi komissarlıqların rəhbərləri tabeliklərində olan bütün hərbi qulluqçuların sağlamlığının qorunması üzrə işi təşkil etməyə borcludurlar. Nazirlikdə bildirmişlər ki, əmrin icrası artıq başlanmışdır və bütün hərbi hissələrdə zəruri profilaktik tədbirlər görülür.
Azərbaycanda “donuz qripi” xəstəliyinə tutulanlar sağalmaqdadır. Taun əleyhinə mübarizə stansiyasının direktorunun müavini Şair Qurbanovun sözlərinə görə, hazırda Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə kursu keçən, A(H1N1) virusuna yoluxmuş iki xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunur. Cümə günü evə buraxılmış daha bir xəstə də özünü yaxşı hiss edir. Onda xəstəliyin klinik simptomları müşahidə olunmur. Xəstələrlə kontaktda olan insanlar respirator-maskalar taxır, onlar həkimlərin müşahidəsi altındadır.
Qeyd etmək lazımdır ki, sanitar-epidemioloji stansiyanın əməkdaşları A(H1N1) virusu aşkar edilmiş şəxslərin yaşadığı evlərdə dezinfeksiya işləri aparmışlar.
Dünya Səhiyyə Təşkilatı (DST) 90 ölkəyə “donuz qripi” əleyhinə təmənnasız olaraq 300 milyon doza vaksin ayırmışdır. Həmin ölkələrdən biri Azərbaycandır. Pandemiya əleyhinə vaksinlərin ilk partiyası bu ay ölkəmizə çatdırılacaqdır. Vaksinləşmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaqdır.
Avropanın, demək olar ki, bütün ölkələrində “donuz qripi” virusu aşkar edilmişdir. Lakin bu sarıdan ən mürəkkəb vəziyyət Böyük Britaniyada (təqribən 16.940 xəstə) və Almaniyada (təqribən 22.930 xəstə) yaranmışdır. “Donuz qripi” xəstəliyinə tutulma hallarının rəsmən təsdiq edilmiş sayı Rusiyada 1000, Ukraynada isə 81.487-yə çatmışdır.
DST-nin məlumatına görə, 2009-cu il oktyabrın 30-u üçün dünya üzrə bu xəstəliyə tutulma hallarının ümumi sayı 537.248 olmuş, bu hallardan 6972-si ölümlə nəticələnmişdir.
Yeni virus ştammı 2009-cu ildə yayılmışdır. Dərhal “donuz qripi” adı verilmiş bu ştammın virusları insandan-insana keçir və adi qrip üçün səciyyəvi simptomlara malik olan xəstəlik törədir. Maraqlıdır ki, bu virusun donuzlar arasında yayılması müəyyən edilməmişdir. Başqa sözlə desək, hazırda çoxlarını vahiməyə salmış epidemiyanın əsl donuz qripinə dəxli yoxdur: son həftələrdə donuzların bu xəstəliyə tutulması ilə əlaqədar heç bir fakt qeydə alınmamışdır. Halbuki, KİV-lərdə insanlar arasında epidemiya ilə bağlı əsl isteriya başlanmışdır. Yeni virus ştammının yayılması H1N1 virusunun donuz qripi virusu ilə genetik oxşarlığa malik olan tipi ilə bağlıdır. Belə hesab edirlər ki, bu xəstəliyin “donuz qripi” adlanması qəzetçilərin işidir. Son zamanlar həmin xəstəliyi “yeni qrip” adlandırmağa başlamışlar. Bu adın necə yaranması dəqiq məlum deyil.