İQTİSADİYYAT
Azərbaycanda hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının hesabına əldə edilir
Bakı, 5 iyun (AZƏRTAC, Nihat Budaqov). Azərbaycanda hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının hesabına əldə edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə iyunun 5-də Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft və qaz konfransındakı çıxışında demişdir.
X.Yusifzadə bildirmişdir ki, hazırda “Azəri-Çıraq-Günəşli” yatağının dərinsulu hissəsində 76 hasilat quyusundan ayda 2,8 milyon tona qədər neft və 1,2 milyard kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yatağından 335,3 milyon ton neft və 96,2 milyard kubmetr qaz hasil edilmişdir.
Akademik vurğulamışdır ki, artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yatağı layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” xarici bazarlara çıxarılmışdır. Cari ilin iyunun 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 178,8 milyon tona qədər “mənfəət nefti” satılmışdır. Təkcə 2013-cü ildə “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu, yəni 68,8 faizi Azərbaycanın payına düşən “mənfəət nefti” olmuşdur.