CƏMİYYƏT
Azərbaycanda immunlaşdırma həftəsi başlanmışdır
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycanda immunlaşdırma məsələləri il boyu nəzarətdə saxlanılır. Aprelin 23-də isə Səhiyyə Nazirliyi tərəfindən ölkədə immunlaşdırma həftəsinə başlanılmışdır.
Aprelin 28-dək davam edəcək tədbirin keçirilməsində məqsəd immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması, peyvəndlə uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasıdır.
Həftə ərzində Azərbaycanda peyvəndləmə ilə bağlı problemlərin olduğu bölgələr üzə çıxarılacaq və bu sahədə olan problemlər araşdırılacaqdır. Eyni zamanda, peyvənddən yayınan uşaqların siyahısı tutularaq immunlaşdırmaya cəlb olunacaqlar. Bundan başqa, paytaxtdakı 2, 8 və 9 nömrəli poliklinikalarda uşaqlarını immunlaşdırmadan yayındıran valideynlərlə maarifləndirici söhbətlər aparılacaq və onların sualları cavablandırılacaqdır.
Qeyd edək ki, Azərbaycanda körpələr 10 yoluxucu xəstəliyə qarşı peyvənd olunurlar. Sonuncu peyvəndin tətbiqinə isə uşaqlarda pnevmoniya, meningit kimi qorxulu xəstəliklər törədən çöplərə qarşı ötən ilin iyunundan başlanılmışdır.