SİYASƏT
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların şərəf və ləyaqətinin qorunması hər zaman diqqət mərkəzindədir
Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 7-də Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin Azərbaycanda təmin edilməsinin vəziyyəti ilə bağlı tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə DADP-nin sədri Fatma Əliyeva bildirmişdir ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çəkilmişdir. Konstitusiyamız insan hüquqlarının qorunması, qanunların aliliyinin təmin edilməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından Ümummilli Liderin şah əsəri adlandırılmışdır.
Vurğulanmışdır ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev humanizm prinsiplərinə, insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verir. Ölkəmizdə bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülür.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu artırır, ölkəmizin Avropaya inteqrasiyasını daha da sürətləndirir.
Sonda insan hüquqlarının müdafiəsi ilə bağlı bəyanat qəbul edilmişdir.