İQTİSADİYYAT
“Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir
Bakı, 15 mart (AZƏRTAC). 15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür.
Həmin gün 1983-cü ildən etibarən hər il dünyada olduğu kimi, Azərbaycanda da qeyd edilir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə martın 15-də həmin günə həsr olunmuş “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir.
Konfransı Dövlət Xidmətinin rəisi Zahid İsayev açaraq istehlakçı hüquqlarının qorunmasının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu demişdir. Z.İsayev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd etmiş, Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, bu məqsədlə ötən il Bakıda və regionlarda 13 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 7 seminar keçirilmiş, sahibkarlara və istehlakçılara 21 adda 200 mindən çox buklet və yaddaş kitabçası paylanmışdır. Bundan əlavə, Dövlət Xidməti nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən 84,6 ton ərzaq məhsulu, 1,6 ton qeyri-ərzaq məhsulu və 0,1 ton tikinti materiallarını məhv etmişdir.
Konfransda çıxış edən digərlər istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər, bu sahədə sahibkarların vəzifələri barədə məlumat vermiş, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndirmişlər.