İQTİSADİYYAT
Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 5,9 faiz artmışdır
Bakı, 17 noyabr (AZƏRTAC). Respublikada aqrar sahədə məhsul yığımı başa çatmaq üzrədir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 1-dək kimi tarlalardan qarğıdalı ilə birlikdə 2800,4 min ton taxıl, 968,3 min ton kartof, 1190,4 min ton tərəvəz, 665,1 min ton meyvə və giləmeyvə, 427,7 min ton bostan məhsulları, 124,7 min ton üzüm, 4,2 min ton tütün, 98,4 min ton şəkər çuğunduru, 550,3 ton yaşıl çay yarpağı toplanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qarğıdalı ilə birlikdə taxıl istehsalı 14 faiz, pambıq istehsalı 16,8 faiz, tütün istehsalı 19,7 faiz, kartof istehsalı 3,3 faiz, meyvə və giləmeyvə istehsalı 8 faiz, üzüm istehsalı 8,4 faiz, yaşıl çay yarpağı istehsalı 7,1 faiz, tərəvəz istehsalı 0,5 faiz artmışdır.
Bitkiçilik məhsulları ilə yanaşı heyvandarlıq məhsulları istehsalı da dinamik olaraq artır. İlin əvvəlindən bəri diri çəkidə 387,2 min ton ət, 1436,3 min ton süd, 997,3 milyon ədəd yumurta və 16,1 min ton yun istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,6 faiz, süd istehsalı 5,5 faiz, yumurta istehsalı 19,5 faiz, yun istehsalı 1,8 faiz artmışdır.
Beləliklə bitkiçilik sahəsində məhsul istehsalı 6,5 faiz, heyvandarlıq sahəsində 5,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu ötən ilki səviyyəyə nisbətən 5,9 faiz artmışdır.