İQTİSADİYYAT
Azərbaycanda neft hasilatının artırılması ilə bağlı yeni proqram hazırlanır
Bakı, 13 mart (AZƏRTAC). Azərbaycanda neft hasilatının artırılması ilə bağlı yeni proqram hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.
R.Abdullayev vurğulamışdır ki, ARDNŞ tərəfindən ölkədə neft hasilatının artırılması ilə bağlı proqramın icrasına aprel ayının əvvəlində başlanılacaqdır. Layihə yeni texnologiyaların tətbiqi ilə həyata keçiriləcək və ARDNŞ-in neft yataqlarında hasilatı ildə bir neçə milyon ton artırmaq mümkün olacaqdır. Hasilatın artırılması üzrə işlər ARDNŞ-in köhnə dəniz yataqları ilə yanaşı, “Neft Daşları”, “28 May”, “Nərimanov” və “Abşeron” dəniz sahələrində də aparılacaqdır.
ARDNŞ prezidenti bildirmişdir ki, şirkət tərəfindən avrobondların yerləşdirilməsindən daxil olan vəsaitlərin müəyyən hissəsi neft hasilatının artırılması üçün istifadə ediləcəkdir.