İQTİSADİYYAT
Azərbaycanda nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verildi VIDEO
Bakı, 1 may (AZƏRTAC). Mayın 1-dən Azərbaycanda nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verildi.
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşlardan daxil olan müraciətləri nəzərə alaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yay mövsümündə nəqliyyat vasitələrində jalüzlərin istifadəsi qaydalarının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib. Tapşırığa uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin işıq buraxma qabiliyyəti 70 faizdən az olmamalıdır. Əvvəlki standartlara görə, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin işıq buraxma qabiliyyəti isə 60 faizdən az olmamalı idi. Həmçinin, Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcəkdir.