CƏMİYYƏT
Azərbaycanda qadın sahibkarlığının inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Özbəkistan Respublikası Baş nazirinin müavini Tanzila Narbayeva ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonağa Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri qəbul edilib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar. Bu gün qadınlarımızın əldə etdikləri yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlıdır.
Hicran Hüseynova bildirib ki, Azərbaycan multikultural ölkədir. Burada yaşayan bütün xalqların, milli azlıqların adət-ənənələrinə hörmətlə yanaşılır və onların rahat yaşayışının təminatı üçün mühüm işlər həyata keçirilir. Onların dini ayinlərini sərbəst icra etmələri üçün hər bir şərait yaradılıb.
Tanzila Narbayeva Bakıya bir neçə dəfə gəldiyini, hər səfərində şəhərimizin sürətli inkişafının şahidi olduğunu söyləyib. O, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Baş nazirin müavini aprelin 25-də Bakıda “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfransın önəmini qeyd edib. O, bu konfransın qadınlar arasında sahibkarlığın inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu bildirib.