REGİONLAR
Azərbaycanda qarğıdalı və günəbaxan yığımına hazırlıq gedir
Respublika ərazisində 33948 hektar qarğıdalı, 16235 hektar günəbaxan əkilib
Bakı, 25 iyul, AZƏRTAC
Ölkədə taxıl yığımı artıq başa çatmaq üzrədir. Yığım başa çatdıqdan sonra - avqust ayında qarğıdalı və günəbaxan sahələrinin biçininə və yığımına başlanması nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, artıq ölkə ərazisində yığım mövsümünə başlamaq üçün hazırlıq işləri həyata keçirilir. Bu dövrdə qarğıdalı sahələrinin biçini və yığımı üçün “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin istifadəsində olan kombaynlar yeni mövsümdə istifadəyə hazırlanıb. Hazırda qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd, günəbaxan məhsulunun yığımı üçün isə 8 ədəd kombayna birləşdirilən xeder ayrılıb. Qeyd edək ki, “Aqrolizinq” ASC-nin təchizat bazalarında 40 ədəd yem-qarğıdalı xederi, 9 ədəd yem-günəbaxan xederi mövcuddur. Qarğıdalı və günəbaxan istehsalı ilə məşğul olan sahibkarlar, fermerlər və təsərrüfat subyektləri bu texnikaları lizinq yolu ilə satın alaraq istifadə edə bilərlər.
Ümumilikdə respublika ərazisində 8 iqtisadi rayon üzrə 33948 hektar qarğıdalı, 16235 hektar günəbaxan əkilib.