İQTİSADİYYAT
Azərbaycanda qazın nəqli sistemi müasirləşdirilir
Bakı, 15 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən ölkənin qaz kompressor stansiyalarının müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, stansiyalarda müasir avtomat idarəetmə sistemlərinin quraşdırılması ilə bağlı genişmiqyaslı işlər görülür. Həmçinin hazırda “Azəriqaz” İB-nin tabeçiliyində olan Hacıqabul (Qazıməmməd), Siyəzən, Astara və Qaradağ qaz kompressor stansiyaları uğurla istismar olunur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycandan Rusiya Federasiyasına təbii qazın nəqli 1981-ci ildə istismara verilmiş Siyəzən qaz kompressor stansiyası vasitəsilə həyata keçirilir. Təbii qazın sıxılması məqsədilə Siyəzən qaz kompressor stansiyasında Ukraynanın Sumı Maşınqayırma Elmi-İstehsalat Birliyi tərəfindən istehsal olunmuş 6 blok-konteyner tipli qazötürücü aqreqat quraşdırılmışdır. Burada bütün sistemlər - avadanlıq, nəzarət-ölçü cihazları, kabellər, köməkçi sistemlər və s. təftiş olunaraq təmir-bərpa, sınaq və sazlama işləri aparılmış və 3 qazötürücü aqreqat tam işlək vəziyyətə gətirilmişdir. Hazırda digər aqreqatlarda da sınaq və sazlama işləri yerinə yetirilir. Stansiyanın etibarlı və dayanıqlı işləməsinin təmin edilməsi üçün qazötürücü aqreqatlarda müasir avtomat idarəetmə sistemlərinin quraşdırılması istiqamətində layihələndirmə işləri aparılır.
1981-ci ildən istismarda olan Hacıqabul qaz kompressor stansiyasında 8 CTД 4000-2 markalı elektrik mühərrikli qazötürücü aqreqat quraşdırılmışdır. Qalmaz yeraltı qaz anbarlarına verilən təbii qazın təzyiqinin artırılması məqsədi ilə bu stansiyada təmir-bərpa, sınaq-sazlama işləri görülmüş, 8 aqreqatdan 4-ü bütün köməkçi avadanlıq və sistemlərlə birlikdə tam işlək vəziyyətə gətirilmişdir. Digər qazötürücü aqreqatlarda da təmir-bərpa işləri yerinə yetirilir, habelə aqreqatların müasir avtomat idarəetmə sistemi ilə təmin olunması istiqamətində tədbirlər görülür.
Qaradağ qaz kompressor stansiyasında isə Almaniyanın “Man Turbo” şirkətinin və Yaponiyanın “Mitsubishi” korporasiyasının birgə istehsalı olan hər biri 10,5 MVt gücə malik iki THM-1304-11D tipli qazturbinli aqreqat quraşdırılmışdır. Stansiyanın əsas təyinatı “Şimal” DRES-in buxar-qaz qurğusunu təbii qazla təmin etməkdən ibarətdir. Bununla yanaşı, Qaradağ, Sumqayıt, Xırdalan, Suraxanı, Şüvəlan və digər şəhər və qəsəbələr də bu stansiyanın köməyi ilə təbii qazla təmin olunur. Eyni zamanda, son illərdə Qaradağ qaz kompressor stansiyasının təyinatında dəyişiklik aparılmışdır. Qaradağ yeraltı qaz anbarlarına verilən qazın təzyiqini artırmaq üçün bu stansiyadan istifadə olunur. Stansiyadakı “A” turbini əsaslı təmirdən sonra yenidən quraşdırılmış, sınaq-sazlama işləri aparılmış və aqreqat tam işlək vəziyyətə gətirilmişdir. Stansiyada quraşdırılmış ikinci aqreqat da tam işlək vəziyyətdədir.